Berti Foqtsun çemodanını dekabrda qoltuğuna verməyə hazırlaşan, gec də olsa səhvini düzəltməyə çalışan AFFA rəhbərliyinin türkiyəli Yılmaz Vurala onun postunu təklif etməsi xəbəri gündəmi zəbt etdi. Qardaş ölkədən olan həmkarlarımız Türkiyədə 23 klub çalışdırmış Vuralın sentyabrın 22-də Azərbaycana təşrif buyurub dövlət başçısı İlham Əliyevlə görüşəcəyini də iddia edir.
Təbii, informasiya AFFA tərəfindən rəsmən təsdiqlənməyib. Türkiyə mediasının “qarışqadan fil düzəltməyə” meyilli olduğunu da nəzərə alsaq, Yılmaz bəyin almanın yerini tutub-tutmayacağı dəqiq deyil. Ancaq heç bir əsas olmadan hər hansı xəbərin yayılması da mümkünsüzdü. Böyük ehtimalla, Foqtsun “kreslosunda əyləşdirməyə” namizəd axtaranlar sözügedən çalışdırıcıyla əlaqə saxlayıb və belə desək, ən azı ağzını arayıblar.
Vural doğrudan da təcrübəli mütəxəssisdi. Onun millini ağ günə çıxaracağını, yığmanın bu çalışdırıcının rəhbərliyi altında sıçrayış edəcəyini düşünüb “xilaskar gəlir” deyə bağırmağa tələsənlər isə yanılır. Düzdü, haqqında danışdığımız adam türkdü və işə başlayacağı halda, fikrini azərbaycanlılara tərcüməçisiz çatdırmaq boyda üstünlüyü var. Eyni zamanda, emosianal biri kimi ad çıxarmış Yılmaz bəyin bizimkilərlə daha yaxşı dil tapacağını da proqnozlaşdırmaq olar. Məgər matçlardan öncə “biz filan rəqibdən öyrənmək üçün meydana çıxacağıq” deyən Foqtsun ultrarealist yanaşmasının fəsadlarından gileylənmirik? Dünya və Avropa çempionunun şəxsi xarakterinin Azərbaycan mentaliteti ilə uzlaşmadığını qabartmırıq? Bu da dilibir, qanıbir çılğın romantik…
Yılmaz hoca stajına rəğmən, heç vaxt iddialı komandaların “sükanını fırlatmayıb”. Onun millidə iş təcrübəsi də kifayət qədər deyil. Adətən ölkəsinin ikinci dərəcəli klublarını çətin vəziyyətdən çıxarması və qısa sürən fəaliyyətləri ilə yadda qalıb. Azərbaycan yığması da FİFA-nın reytinq sıralamasında ilk “100-lüy”ə kənardan baxan komandadı. Çalışdırısının kimliyindən asılı olmayaraq, hər tsikldə sonunculuqdan qurtulmaq uğrunda çarpışan, ilyarımdan bir rəsmi matçda zəfər üzü görən kollektivdi. Bir müddət öncə "Fener"i şampiyon yapmazsam beni asın" cümləsiylə nəşr və saytların manşetini bəzəyən, futbolçularını döyməsi ilə qürurlanan, son olaraq “A millini bana verin, bakanım” deyib, bu istəyinə çatmayan Vural həmişə şəraitsizlik, maddi sıxıntı üzündən ciddi uğurlara imza atmadığını söyləməkdən yorulmur. Almanın yerini tutsa, şübhəsiz, mükafatların məbləğindən, yığmaya ayrılan pullardan narazı qalmayacaq. Təki bir müddət sonra “bana böyük takım verin” tələbində bulunmasın.