İyunun 2-də Vyanada bədii gimnastika üzrə XXIX Avropa çempionatının final çıxışları olub.
Böyüklər arasında final mərhələsində Azərbaycan gimnastı Marina Durunda halqa, top və lentlə, Lalə Yusifova isə gürzlə tapşırıqları yerinə yetiriblər.
Marina Durunda halqa, top və lentlə hər növ üzrə müvafiq olaraq 5-ci, Lalə Yusifova gürzlə 7-ci yeri tutublar.
Qeyd etmək lazımdır ki, Avropa çempionatı Azərbaycan gimnastları üçün uğurlu olub. Belə ki, yeniyetmələrdən ibarət komandamız 5 halqa ilə yarışda çempionatın gümüş medalını əldə edib.
Çempionatın bağlanış hissəsində isə qala konsert olub. Qala konsertdə çempionatda iştirak edən ölkələrin idmançıları bədii gimnastika və balet komponentlərini özündə ehtiva edən musiqi kompozisiyaları ilə çıxış ediblər. Yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri isə səhnəyə milli geyimdə çıxaraq, müxtəlif Azərbaycan melodiyaları əsasında tərtib olunmuş “Sarı gəlin” kompozisiyasının sədaları altında rəqs ediblər.
İdman24.az