"Bura gəlməzdən əvvəl ölkə başçısı İlham Əliyevlə görüşdüm. Prezident yaxşı azərbaycanlı futbolçular görmək istədiyini dilə gətirdi. Bu, onların yetişməsinə kömək edəcək". Fanat.az xəbər verir ki, bu sözləri Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimində çıxış edən UEFA prezidenti Mişel Platini deyib.
Platini İlham Əliyevin Azərbaycanı dünya çempionu kimi görmək istədiyini bildirib: "O, mənim yaxşı futbolçu olduğumu dedi. İlham Əliyev futbolu çox sevir. İstəyir ki, Azərbaycan dünya çempionu olsun. Ancaq bunun üçün aşağı yaş qruplarından başlamaq lazımdı".
Qurum rəhbəri bəzi ölkələrin Azərbaycandan çox yardıma ehtiyacının olduğunu bildirib: "UEFA prezidenti olmaq həmişə çətindi. Burda olmağımla qürur duyuram. UEFA həmişə milli federasiyalara yardım edir. Bunların bəziləri Azərbaycanla müqayisədə daha artıq köməyə ehtiyac duyur. Axı onların sizin kimi neft və qaz sərvətləri yoxdu. Ancaq biz, hamıya yardım etməyə çalışırıq. AFFA-nı gördüyü işlə əlaqədar təbrik etmək istəyirəm. Biz bir çox yeni stadionlar gördük".
Platini ölkəmizin AVRO-2020-yə ev sahibliyi etmək imkanının böyük olduğunu bildirib və əməkdaşımızın da iştirak etdiyi brifinqdə ölkəmizin şansını dəyərləndirib: "Burda yaxşı infrastrukturlar mövcuddu. Bu gedişlə, Bakının AVRO-2020-ni keçirmək şansını yüksək görürəm. Ancaq mən bitərəfliyimi qorumalıyam".