Sentyabrın 15-də Bayıl stadionunda "Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək klubun əsas fəaliyyət istiqamətləri barədə danışıb.
Şura sədri klubun I diviziondakı hədəfləri, yüksək pillələr uğrunda mübarizə aparması ilə yanaşı, daha çox yerli və gənc futbolçuların xidmətində maraqlı olduğunu deyib, bu amilin gələcəkdə həm müxtəlif yaş qruplarından ibarət yığma komandaların, həm də Azərbaycan milli komandasının seçim imkanlarına müsbət təsir edə biləcəyini vurğulayıb.
Daha sonra Müşahidə Şurasının üzvləri Əbdülqəni Nurməmmədov və Təbriz Həsənov çıxış edərək klubun qarşısına qoyulmuş məqsədlərə çatmaq üçün MŞ-nin bütün üzvlərinin səylə çalışdığını qeyd edib."Səbail” FK-nın icraçı direktoru Yusif Həsənov isə qısa müddət ərzində klubda görülmüş işlər barədə məlumat verib, klubun təşkilati işlərinin və idman nəticələrinin yüksək səviyyədə olması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, iclasdan sonra Birinci Divizionda ikinci tur çərçivəsində Bayıl stadionunda keçirilmiş "Səbail” – MOİK oyunu 4:1 hesabı ilə "Səbail” komandasının xeyrinə başa çatıb.
Fanat.Az