“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan çempionatları tarixinə düşüb. Fanat.Az xəbər verir ki, ukraynalı qolkiper qapısını ən uzun müddət toxunulmaz saxlayan 10 əlcək sahibinin siyahısına daxil olub.
Topaz Premyer Liqasında 915 dəqiqə qol buraxmayan Dmitri 1992-ci ildən keçirilən ölkə çempionatlarının 24 illik tarixində 7-ci nəticəyə imza atıb.
Sonuncu dəfə ötən mövsümün XXXIV turunun mayın 11-də keçirilən “Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner VIII turun “İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsini qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.
Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı “Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.
Fanat.Az