Bu mövsüm hədəflərindən uzaq düşən “Neftçi” qış fasiləsində lider axtarışına çıxacaq.
Fanat.az-ın etibarlı mənbədən aldığı məlumata görə, “ağ-qaralar” lazımsız legionerlərdən canını qurtarmaq və 2-3 milli üzvünü heyətə qatmaq yönündə fəaliyyətə başlayıb.
Son vaxtlar “İnter”də uğurlu çıxışıyla seçilən Ruslan Abışovu yetirməsi olduğu kluba qaytarmaq isə əsas məqsəddi. Bakı klubunun rəhbərliyi “bankirlər”lə olan müqaviləsi mövsümün sonunda başa çatacaq Ruslana görə “İnter”ə müəyyən məbləğdə pul təklif etməyə hazırlaşır. Bakılılar komandanı toparlayacaq, kapitan sarğısına sahib çıxacaq lider qismində sözügedən oyunçunu görür.
Məsələnin başqa tərəfi isə yığmanın baş məşqçisi Robert Prosineçkiylə bağlıdı. “Ağ-göylər”in sıralarında ortaya qoyduğu futbolla millinin xorvat çalışdırıcısının diqqətini cəlb edən Abışovu mərkəz müdafiəçisi mövqeyində oynatmağı hədəfləyən Prosineçkinin planları haqda “Neftçi”yə məlumat çatıb.
Fanat.Az