“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin AZAL-la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2017-ci il yanvarın 9-da bir araya gələcək.
Həmin gün komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq.
Roman Qriqorçukun yetirmələri yanvarın 9-dan 25-dək qonşu ölkədə hazırlıq keçəcək. “Qəbələ” hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq.
“Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidi. Yanvarın 13-də təmsilçimiz Albaniyanın “Partizani” klubu ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan bu klub ötən mövsüm yarışı 2-ci pillədə başa vurub. Buna baxmayaraq, cari mövsümə Çempionlar Liqasında başlayan albaniyalılar Avropa Liqasının "pley-off"unda mübarizəni dayandırıb.
“Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək. Rəqib ötən mövsüm aşağı dəstənin çempionu olmaqla, yenidən yüksək liqaya yüksəlib.
"Qırmızı-qaralar" ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Sonuncu rəqib 2000/01 mövsümündə Makedoniya çempionu olub. Ötən mövsüm ölkə çempionatını 2-ci pillədə başa vuran komanda Avropa Liqasının cari mövsümündə "pley-off"a qədər irəliləyib.
Fanat.Az