Kriştianu Ronaldo, Lionel Messi və Tomas Müller də 2018-ci il dünya çempionatına gəlmək istəməsə rusların halı necə olacaq?
Dünya qəzetləri indi Rusiyanın idman sahəsində çıxardığı hoqqalardan yazır.
Əvvəllər Ümumdünya Anti-dopinq Agentliyinin (WADA) Rusiyaya qarşı qərəzli mövqe tutmaqda təqsirləndirən dövlət rəsmiləri, hətta mətbuat canavarları son rüsvayedici faktların ortaya çıxmasından sonra susmağa üstünlük verirlər.
Qeyd olunur ki, əslində hər şey Rusiya idmançılarının 2014 Soçi Olimpiadasında şübhəli yüksək göstəricilərindən sonra başlayıb. Daha sonra, daxili informatorların sayəsində Qərb mətbuatında Rusiya idmançılarının yuxarıların da xeyir-duası ilə müxtəlif kokteyllərlə dopinq qəbul etdikləri barədə televiziya reportajları, ifşaedici materiallar və məqalələr gedib.
Mətbuat Rusiyanın rəsmi şəxslərinin dünya idmanı tarixində ən iri miqyaslı fırıldağına, yəni dopinq qalmaqalına əl atdığını yazır.
The New York Times qəzetinin yazarı Rebekka Ruisə görə, “Rusiya rəsmiləri dövlət tərəfindən tətbiq edilən dopinq proqramını ifşa edən faktları artıq inkar etmirlər.
Rusiya Anti-Dopinq Agentliyinin (RusADA) direktoru Anna Antseiloviç isə bunun instutsional, yəni sistemli şəkildə həyata keçirildiyini təsdiq edib.
Anna Antseiloviç
Rebekka Ruisin yazdığına görə, səlahiyyətli şəxslər dopinq proqramının dövlətin himayəsi altında gerçəkləşdirildiyini təsdiq etməkdən qorxurlar. “Dövlət deyərkən onlar prezident Vladimir Putin və onun yaxın çevrəsini nəzərdə tuturlar”, - Rebekka Ruis qeyd edib.
Qəzetlərin yazdığına əsasən, Rusiyanın böyük dopinq oyununun üstünün açılması içəridən gələn informasiya sayəsində mümkün olub.
Belə ki, Rusiyanın idmançılarda dopinqlərin müəyyən edilməsi üzrə mütəxəssis sayılan Qriqori Rodçenkov WADA-nın informatoru kimi bütün bu maxinasiyalar barədə məlumat verib.
Qriqori Rodçenkov
Rodçenkov Rusiya idmançılarının dopinqlə təmin edilməsinin arxasında Federal Təhlükəsilik Xidmətinin və idman nazirinin müavini Yuri Naqornıxın dayandığını da iddia etmişdi. Sonradan öz həyatı ilə bağlı yaranan təhlükələrdən ehtiyat edən rus informator ABŞ-a köçməyə məcbur olmuşdu.
Rus rəsmilərinin xarici mətbuata açıqlamaları isə əsl həyasızlığı ilə diqqət çəkir. Məsələn, hazırda Rusiya Olimpiya Komitəsinin anti-dopinq komissiyasının rəhbəri Vitali Smirnov bu məsələ ilə bağlı çoxlu səhvlər buraxdıqlaırnı etiraf etsə də, eyni zamanda bu fırıldağın qlobal idman təşkilatçılarının Qərb idmançıları üçün etdikləri güzəştlərə cavab olaraq həyata keçirildiyini söyləyir. Onun fikrincə, eyni işlər Qərb ölkələrində və xüsusilə Çində də fırlanır, sadəcə, bu dövlətlərə dəyib-toxunan yoxdur.
“WADA-nın bəxti gətirib ki, onun Rodçenkov kimi informatoru var”, Rusiya Olimpiya Komitəsinin hüquqşünası Vitali Berezov belə deyir.
Maraqlıdır ki, müsahibədən dərhal sonra RusADA xüsusi bəyanatla çıxış edərək New York Times-da yazılanlara reaksiya verib.
Agentlik Anna Antsieloviçin Rebekka Ruisə verdiyi müsahibədə söylədiyi fikirlərin təhrif olunduğunu bəyan edib.
Bəyanatda qəzetin “müsahibin adından qərəzli olaraq dopinq skandalında sanki dövlətin əli olması ilə bağlı fikirlər yazıldığı” göstərilib.
Hər halda görünən budur ki, bu məsələ Rusiya idmanı tarixində ona dəyən ən böyük zərbə olacaq. Qeyd olunur ki, bir sıra federasiyalar Rusiyada keçirilməsi planlanan bir çox yarışmanı ləğv ediblər.
Məsələn, Beynəlxalq bobsley və skeleton federasiyası 2017-ci ildə Soçidə keçirilməsi nəzərdə tutulan dünya çempionatını başqa ölkədə təşkil olunmasına qərar verib. Bundan başqa, biatlon üzrə Tümendə keçirilməsi nəzərdə tutulan dünya kuboku da təxirə salınıb. 6 rus biatlonçusu isə ümumiyyətlə yarışlardan kənarlaşdırılıb.
Bir çox idmanıçılar özləri Rusiyada keçiriləcək yarışlara gəlməkdən imtina edirlər.
İsveçrənin Sueddeutsche Zeitung qəzetinin yazarı Yohannes Aumüllerin məqaləsində isə maraqlı və təhdid xarakterli sual da verilib: “Sabah əgər Kriştianu Ronaldo, Lionel Messi və Tomas Müller də 2018-ci il dünya çempionatına gəlmək istəməsə rusların halı necə olacaq?”
Qaynarinfo.Az