Qolçu futbolçunun azarkeşlər tərəfindən xüsusi sevilməsi başadüşüləndi. Rəqib qapılarının torunu silkələməklə yanaşı, məhsuldar ötürmələr verməyi unutmayan oyunçular isə daha çox sevilir.
Fanat.Az-ın hesablamalarına görə, Topaz Premyer Liqasının geridə qalan bölümündə Filip Ozobiç adından söz etdirib. “Qəbələ”nin xorvat yarımmüdafiəçisi çempionatda 7 top vurubsa, 4 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.
Azərbaycan birinciliyində top qovmağa razılaşan azsaylı səviyyəlilərdən sayılan Ozobiçi “Qarabağ”dan Dani Kintana izləyir. Kintana 4 qol pasıyla yadda qaldığı halda, 3 dəfə “köhlən atlar”ın rəqiblərini topu tordan çıxarmağa məcbur edib.
Qeyd edək ki, Ozobiç komanda yoldaşı Baqali Daboyla birgə bombardirlər yarışına da başçılıq edir. 14 tura 7 qol yüksək məhsuldarlıq sayılmasa da, çempionatın real mənzərəsi budur.
Fanat.Az