"Zaqatala"nın idman direktoru Bəxtiyar Musayevin Fanat.Az-a müsahibəsi.
- “Zaqatala”ya yollanmağınız bir qədər gözlənilməz oldu?
- Klubun Premyer Liqada oynamaq hədəfi var. Ən əsası isə Musa Qurbanovun təklifiydi. Belə insanlarla işləmək xoş olacaq. Mühit əsasdı. Ətrafındakılarla eyni məqsəd uğrunda çalışdığını anlamaq motivasiya verir. Yəni gördüyün işi əməkhaqqı xatirinə yox, ürəkdən, böyük həvəslə görürsən və işindən zövq alırsan.
- “Neftçi” sizə olan borcunu qaytardı?
- Düzü, hamısını almamışam. İşlədiyim vaxtda – keçən ilin martına qədər (Musayev bu tarixdə ərizə yazaraq işindən getmişdi) müəyyən məbləğdə borc yığılıb. Özləri bilirlər. Əvvəlki icraçı-direktor Elnur Məmmədov özü də bilir. İndiki rəhbərliyə də müraciət etmişəm. Komanda indi Türkiyədədi. Bakıya qayıdandan sonra zəhməthaqqımı tələb edəcəm.
- Sizə nə qədər borcludular?
- Özləri bilirlər. Məbləğ açıqlamağım düzgün olmaz. O qədər də çox deyil. Münasibət məsələsinə boş yerə toxunmadım. Uzun müddət çalışdığım kluba sonradan gələn Məmmədovla işləmək əsəb yaradırdı. İşə köklənmək olmurdu. Günü əsəb içində keçən insan rahat işləyə bilmir axı...
- “Neftçi” “transfer bazarı”nın ən fəalıdı. Yeni futbolçuların kimliyi haqda məlumat toplamısız?
- Legionerləri tanımıram. Orda deyiləmsə, dəqiq qədər fikir bildirməyim də başqa cür alınar. Görünən budu ki, heyəti 80 faiz dəyişirlər. “Neftçi” Azərbaycan futbolunun simasını müəyyənləşdirən, böyük tarixi olan klubdu. O klubda 16-17 ilimi qoymuşam. 10 ildən artıq futbolçu kimi oynamışam, sonra da məşqçi işləmişəm.
- Əcnəbiləri başa düşdük. Bəs yerlilər? Məsələn, Namiq Ələsgərov...
- Namiqin oyununu bəyənirəm. Onun komandaya fayda verəcəyinə əminəm. Amma “Neftçi”nin Ələsgərova nə verəcəyini söyləməyə çətinlik çəkirəm.
- Ruslan Abışov necə?
- Ruslan təcrübəli, yerli futbolçudu. Bu mövsüm “İnter”də sabit oynayırdı. İstifadə edə bilsələr, düzgün qurulan sistemdə oynasa, əlbəttə ki, xeyri dəyər.
Fanat.Az