“Biz Konstantin Vasilyevlə maraqlanmırıq. Ümumiyyətlə, o mövqeyə futbolçu axtarmırıq”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qəbələ”nin rəsmisi Səbuhi Səfiyarlı deyib.
Əsas komandanın meneceri kimi fəaliyyət göstərən Səfiyarlı Vasilyevin menecerini tanıdığını, Polşa “Yagelloniya”sının futbolçusuna görə onunla əlaqə saxlamadıqlarını söyləyib: “Vasilyevin menecerini də tanıyıram. “Neftçi”də çalışanda onunla işləmişik. “Qəbələ”dəki Sergey Zenyovun da meneceri həmin adamdı”.
Xatırladaq ki, Vasilyev “Yagelloniya”ya 2015-ci ildə "Piast"dan keçib. 2011-ci ildə Sloveniyanın "Koper" klubundan Rusiya "Amkar"ına 1 milyon avroya transfer edilən hücumçunun Azərbaycan klublarından təklif aldığı deyilir. Ayda 20-30 min avro qarşılığında “Yagelloniya”dan getməyə hazır olan ön xətt oyunçusuna bu pulu kimin vermək istədiyi böyük maraq doğurur. İndiki durumda forvard axtarışında olan yeganə Azərbaycan təmsilçisi "Neftçi"di.
Fanat.Az