Qış fasiləsində heyətini gücləndirən və Premyer Liqanın son turunda “Qarabağ”la bərabərə qalan (1:1) “Neftçi”nin büdcəsinin artırılması faktdı. Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun icraçı-direktoru Orxan Hüseynzadənin son açıqlamalarının birində “büdcəmiz əvvəlkindən qat-qat azdı” söyləməsi də həqiqətə uyğun deyil.
SOCAR-dan maliyyələşən Bakı təmsilçisinin maliyyəsini arzuladığı səviyyəyə çatdıran “yuxarılar” klubu kurasiyasında saxlayanların qarşısına şərt qoyub. Belə ki, “ağ-qaralar” mövsümün sonunda avrokuboklara qatıla bilməyəcəyi halda, nəinki Orxan Hüseynzadə istefaya gedəcək, ona himayədarlıq edənlər də çətin vəziyyətə düşəcək. Bu, Bakı təmsilçisini əlində saxlamağa çalışanların son şansıdı. Elşad Nəsirov – Elxan Məmmədov – Hüseynzadə üçbucağının iş birliyi effekt verməsə, güman ediləndən də radikal dəyişikliklər baş verəcək.
Buna görə də komandanın nəyin bahasına olur, olsun avrokuboklara vəsiqə verən yerlərdən birini tutması və ya Azərbaycan Kubokunu qazanması başlıca hədəfdi. Hadisələrin sonrakı inkişafını diqqətdə saxlayacaq, bu yöndə davamlı informasiyalar verəcəyik.
Fanat.Az