“Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq”. Bu sözlər “İnter”in baş məşqçisi Zaur Svanadzeyə məxsusdu.
Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ”ni qəbul edən paytaxt təmsilçisi 0:2 hesablı məğlubiyyətə düçar olub.
Oyundan sonra keçirilən mətbuat konfransında gürcüstanlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “İkinci hissədə bir qədər artırdıq. Amma bu anda qol buraxdıq. “Qəbələ” güclü komandadı. Növbəti görüşə hazırlaşmaq lazımdı”.
- Samir Zərgərov və Pərdis Fərcad-Azad meydana daxil olana qədər komanda müdafiədə yaxşı təsir bağışlayırdı. Məhz bu dəyişikliklərdən sonra qollar buraxdınız. Bu əvəzetmələri düzgün hesab edirsiz?
- Onların meydana girməsi taktiki dəyişiklik deyildi. Hər iki futbolçunun fərqlənmək imkanı oldu. Hesab 0:0 olarkən Samirin yaxşı qol imkanı oldu.
- 4-cü pillə ilə 2-ci yerdə gedən komandalarla aranızda xal fərqi çoxdu. Bu amil futbolçuların oyunlara köklənməsinə problem yaratmır?
- Rahatlaşmırıq. Aşağıdakı komandalarla fərq o qədər də böyük deyil. “Qarabağ”a uduzsaydıq, aradakı fərq azalardı. Komanda arxayınlaşmır.
- Bu gün futbolçularda “Qarabağ”a qarşı sərgilənən əzmkarlığı görmədik. Bunun səbəbi yalnız yorğunluqdu?
- Hazırda 24 futbolçumuz var ki, onlardan 8-9-u gəncdi. 3 qapıçı da bura daxildi. Məcburuq ki, onları oynadaq. Yaranacaq fasilədən sonra 2-3 gündən bir oyun oynayacağıq. Bu isə bizə çətinlik yaradacaq. Çünki ehtiyat qüvvəmiz azdı.
- Maaşların verilməsi məsələsində yeni xəbər varmı?
- Deyiblər ki, ayın 10-na qədər maaşlar veriləcək. (Apasport.az)
Fanat.Az