“Boavişta”dakı uğurlu başlanğıca rəğmən, davamını gətirə bilməyən Kamran Ağayevin Azərbaycanda oynamaq arzusu bu gedişlə çin olmayacaq. Fanat.Az xəbər verir ki, Premyer Liqanın ona maaş verə biləcək klublarından heç biri millinin qapıçısını transfer etməkdə maraqlı deyil.
Düzdü, qolkiperin adı “Neftçi”ylə yanaşı hallanıb. Lakin “ağ-qaralar” “İnter”in “çərçivə” qoruyucusu Səlahət Ağayevlə anlaşaraq fərqli seçimlə gündəmə gəldi. “Qəbələ”nin çalışdırıcısı Dmitri Bezotosnını kimləsə əvəzləmək niyyətində deyilsə, “Qarabağ” və Kamran anlayışları ümumiyyətlə, üst-üstə düşmür. Gələcəyi qeyri-müəyyən “İnter”dən isə danışmağa dəyməz.
Bir milyon büdcəylə fəaliyyətini sürdürən “Kəpəz”, ortabablardan formalaşmış “Zirə” və Elxan Məmmədovun “ şah əsər”lərindən sayılan “Sumqayıt” variantları üzərində dayanmaq da sadəlöhvlük olar.
Ortada millinin əsas qapıçısının normal qazanc tələbi və yığmanın nəticələrinə görə cavabdehlik daşıyan AFFA məmurlarının nigaranlığı var. Təbii, sözügedən futbolçu klubsuz qalmayacaq. Yəni ən pis halda, onu Avropanın sıravi klublarından birinə yollamaq futbol başbilənləri üçün ciddi problem deyil. Bəs “Səbail” necə?
Əldə etdiyimiz məlumata görə, Premyer Liqaya yüksəlmək ehtimalı çox böyük olan “Səbail”ə elita üçün ayrılan büdcə yaxın 10 gündə təsdiqlənəcək. Normal qazanc qarşılığında Kamranı 1-ci diviziondan gələn Bakı təmsilçisində görsəz, əsla təəccüblənməyin. Özü də yalnız Kamranı yox... Büdcənin təsdiqlənməsini, qaranlıq məqamlara aydınlıq gəlməsini 10-a yaxın futbolçu səbirsizliklə gözləyir.
Fanat.Az