2018-ci il dünya çempionatına vəsiqə qazanan komandaların sayı 15-ə çatıb. Fanat.Az xəbər verir ki, bu gecə 14-cü vəsiqəyə Polşa sahib çıxıb.
Polşalılar seçmə mərhələnin Avropa zonası üzrə E qrupunda Danimarka, Monteneqro, Rumıniya, Ermənistan və Qazaxıstanla mübarizədə bütün rəqiblərini qabaqlayan polşalılar 10 tur ərzində 8 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət sayəsində 25 xal qazanıblar. Onlar bu gecə Monteneqronu 4:2 hesabı ilə yenərək qrup liderliyini təmin ediblər.
15-ci vəsiqəyə isə Afrika zonasında E qrupunda çıxış edən Misir yığması evdə Konqo üzərində 2:1 hesablı qələbə sayəsində sahib çıxıb. Sona bir tur qalmış xallarını 12-yə çatdıran misirlilər ən yaxın izləyici Uqandadan 4 xal aralanıb.
Qeyd edək ki, daha əvvəl "DÇ-2018"ə Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya və Kosta Rika yığmaları vəsiqə qazanıb.
Fanat.Az