"17 yaşadək oğlanlardan və qızlardan ibarət yığmaların Slovakiyada biabırçı nəticələr göstərməsi AFFA-nın baş katibi Elxan Məmmədovun və Futzal Federasiyasının prezidenti Zaur Axundovun günahıdı”. Bu sözləri Fanat.Az-a açıqlamasında sabiq hakim Əfqan Həmzəyev deyib.
Həmzəyev futzal üçün də yad sima deyil. Belə ki, sözügedən şəxs dəfələrlə yüksək dəstənin oyunlarında AFFA nümayəndəsi funksiyasını yerinə yetirib. O, məşqçilərdə və komanda üzvlərində günah görmədiyini açıqlayıb: "Nə oğlanlar, nə də qızlar o yarışa hazır deyildi. Bir aya komanda qurmaq qeyri-mümkündü. Mən baş məşqçinin tənqid olunmasının da əleyhinəyəm. 0:39-a görə Məmmədovla Axundov cavab verməlidi. Onları futzalın taleyi maraqlandırsaydı, ordan-burdan yığılmış uşaqları alovun içinə atmazdılar”.
2018-ci ildə Buenos - Ayresdə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi başa çatıb. Azərbaycan Slovakiyadakı yarışda qızlardan və oğlanlardan ibarət yığmalarla təmsil olunub. Oğlanlar son görüşünü hollandlara qarşı keçirib və 0:7 hesablı yenilgiylə çıxışını yekunlaşdırıb. İlk oyunda Slovakiyaya 0:12, ardınca Rusiyaya 0:20 hesabı ilə yenilən təmsilçimiz 3 matçda qapısında 39 qol görsə də, rəqib qapıçıları məyus etmədən geri qayıdıb.
Qızlar isə İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabı ilə boyun əyib, Ukraynayla bərabərə qalıb – 2:2. Yekun nəticədə zərif cinsin nümayəndələri 3 matçda 2 qol vurub, 14-ünü buraxıblar.
Fanat.Az