Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq "Çelsi”də sular bulanıb.
Fanat.Az "Deyli Meyl”ə (Daily Mail) istinadən xəbər verir ki, klubun sahibi Roman Abramoviç baş məşqçi Antonio Konteylə digər rəsmilər və futbolçular arasındakı narazılığa şəxsən aydınlıq gətirmək fikrinə düşüb.
Hər şey bazar ertəsi postundan gedən texniki direktorun - Maykl Emenalonun istefasından başlayıb. Abramoviçin etibar etdiyi Emenalonun Konteylə Marina Qranovskaya arasında yaşanan "soyuq müharibə”dən kənarda qalmaq üçün işindən ayrıldığı müəyyənləşib. O Qranovskaya ki, klub sahibinin sağ əli sayılır. Xanım rəsmən "Çelsi”nin direktoru olsa da, belə desək, London təmsilçisində kəsdiyi başa sorğu yoxdu. İtalyan çalışdırıcıyla Qranovskaya arasında fikir ayrılığı yayda yaranıb. Müəyyən transferlərlə bağlı fikirləri üst-üstə düşməyib. Nəticədə Konte planlaşdırdığı bütün keçidləri reallaşdıra bilməyib.
Hazırda italyan çalışdırıcıyla braziliyalı müdafiəçi David Luis də yola getmir. İngiltərə Premyer Liqasının 11-ci turunda - "Mançester Yunayted”lə oyunda (1:0) adı iştirak ərizəsinə salınmayan arxa xətt oyunçusuyla Konte "Roma”ya Çempionlar Liqasında uduzduqları matçdan (0:3) sonra mübahisə edib. Abramoviçin mövcud duruma hansı şəkildə müdaxilə edəcəyi böyük maraq doğurur.
Fanat.Az