Yaxşı ki, səhv hesabladılar... Yaxşı ki, millinin İsraillə Ramat Qanda keçirdiyi oyunu sonadək ehtiyatdan izləyən Ruslan Qurbanov ona verilən 30 min dolların 12 mininin geri istənildiyini ictimaiyyətə açıqladı...
AFFA-nın yəhudilərlə bərabərliyə görə start heyətində meydana çıxan oyunçuların hərəsinə 40 min manat mükafat verdiyini yığma Bakıya çatmamış yazmışdıq. Bir neçə gün sonra isə Rövnəq Abdullayev futbolçulara 60 min verilmədiyini dilə gətirməklə, xəbəri dolayı yolla təsdiqləmişdi. Ədalət naminə, Rövnəq bəyin ağzından “biz hər oyunçuya 50 min dollar verməmişik” sözünün çıxmadığını xatırlatmalıyıq. Günah başqanda yox, real məbləğin üstünə havadan 10 min qoyub sual verən həmkarımızda idi. Çünki xırda yanlışlığa yol verməklə, prezidentə faktı yalanlamaq fürsəti yaratmışdı.
Buyurun gerçəklə ən sadə şəkildə tanış olun: 30–12 = 18. Yəni AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun dediyi kimi, oyunu ehtiyatdan izləyən futbolçuya verilən 30 faiz. Bundan təxminən 3.3 dəfə artığını start "11-lik"də olanlar alıbsa, nə qədər edir? 50 min dollardan çox, yoxsa, az?
P.S. Ruslan Qurbanovu bundan sonra yığmada görməsəniz, təəccüblənməyin. O, “gizlənqaç” oyununun qaydalarını pozub.
P.P.S. Cidanı çuvalda gizlətmək cəhdi əbəsdi. Gec-tez yırtıb çıxacaq.