"Başa düşürük ki, "Çelsi”nin səviyyəsi bizdən daha üstündür. Ancaq futboldur və hər şey ola bilər". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.
Futbolçu noyabrın 22-də baş tutacaq Çempionlar Liqasının qarşılaşması ilə bağlı fikirlərini bildirib: "Öz meydanımızda, azarkeşlərimizin qarşısında yaxşı çıxış etməyə çalışacağıq. Heç kim inanmırdı ki, "Atletiko” ilə oyunlarda nəsə edək. Ancaq biz iki xal götürdük. Bu da komandaya yaxşı motivasiya verir. Qurban Qurbanovun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirsək, "Çelsi”dən də xal ala bilərik".
Maksim "Çelsi"yə 0:6 hesabı ilə yenildikləri matçla bağlı da danışıb: "Həmin matç hamının yadındadı, hansı problemlərimiz olmuşdu. İlk oyun idi, adlı-sanlı rəqib, ola bilsin bu, bizi sıxmışdı. Ancaq pozitiv olmağa çalışacağıq. Azarkeşlərimiz qarşısında oynayacağıq. "Roma” və "Atletiko” matçlarında təcrübə topladıq. Bakıdakı görüşün daha fərqli olacağını fikirləşirəm".
Fanat.Az