Bu gün "Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov Bakıda komanda üzvlərinə təqdim olunub.
Fanat.Az xəbər verir ki, məşq prosesindən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib. Daha sonra Hüseynovu komanda üzvlərinə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun "Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.
Baş məşqçi postuna təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər korpusu, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.
Fanat.Az