"Nədən başlayacağımı bilmirəm. Komandamız çox pis məğlub oldu". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Gəncə klubunun baş məşqçisi kimi debüt oyununda 1:6 hesabı ilə yenilən mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb: "Bütün oyunlara əvvəldən baxırdım. Gəncənin çempionat oyunlarına baxmışdım. Belə zəif oyun görməmişdim. Həddindən çox pis oynadıq. Bunun nəticəsi kimi uduzduq. Komandada iki əsas müdafiəçi və hücumçu oynamırdı. Bu da öz təsirini göstərdi. Futbolçularıma iradları bildirdim. Birinci oyunumda belə məğlub olmaq istəmirdim. Ancaq bu həyatdı. Azarkeşlərlə də görüşüb söz verdim ki, bu komandanı düzəldəcəm".
Hüseynov qış fasiləsində yeni oyunçular transfer ediləcəyini bildirib: "Qış fasiləsində 2-3 oyunçu gətirəcəyik. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də, oturmaq yox, işləmək lazımdı. Ayağımızı yorğanımıza görə uzadacağıq. Biz axtarışda olacağıq. Bir neçə legioner futbolçu almağı fikirləşirik".
Baş məşqçi "Erkən qola görə ruh düşkünlüyü yarandı" sualına belə cavab verib: "Öz oynadığım dövrə gedirəm. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdır. Çünki istək sizi "yandıra” bilər. Lövhədə göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Erkən qoldan sonra da ruh düşkünlüyü oldu. İstədilər qələbə qazansınlar, amma erkən qol öz sözünü dedi. "Qəbələ”nin hücumçuları fərdi şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaq səhvlərimiz oldu. Bu səhvləri bəlkə də, heç vaxt etməyiblər. Bu gün çox istəməkdən "yandılar”.
Fanat.Az