"Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir”. Bu sözləri "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.
Premyer Liqanın XIII turu çərçivəsində "Neftçi”nin qonağı olan paytaxt təmsilçisi 1:3 hesabı ilə uduzub.
Matçdan sonra mətbuat konfransı keçirən Məmmədov bunları deyib: "Nizami Hacıyev zədəli olduğunu bilirdik. Amma bu komandanın təcrübəli futbolçuya ehtiyacı var. Özü də yaxınlaşıb dedi ki, "Keşlə”dən gedəsi olsam da, bu komandaya kömək etmək istəyirəm. Sonra yorulduğunu görüb əvəzlədim”.
- Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini nədə görürsüz?
- Səbəbi başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdu.
- Sözlərinizdən belə çıxır ki, komanda bilərəkdən oynamır...
- Elə demirəm. Sadəcə, futbolçular potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların adlarını açıqlamaq istəmirəm. Ayrı-ayrılıqda hər biri ilə söhbət edəcəm. Bundan artığını oynaya bilərlər. Yaradılan qol vəziyyətlərini gördünüz.
- Skarlatakeni yarımmüdafiədə oynatmaqda məqsədiniz nə idi?
- İkinci toplarda uduzduğumuz üçün ona yarımmüdafiədə şans verdim. Öz işinin öhdəsindən layiqincə gəldi. Ona təşəkkürümü bildirirəm.
- Bəzi futbolçuların potensiallarından aşağı səviyyədə çıxış etməsi ehtiyat heyətin olmaması ilə bağlıdı?
- Kluba tətbiq olunan qadağanı özünüz bilirsiz. Bəziləri indidən qış tətilinə yollanıblar. Bu komandanı dağıdıb, yenidən yığmaq lazımdı.
- Demək istəyirsiz ki, bütün oyunçuları göndərmək lazımdı?
- Bəli. Heyət tamamilə yenidən qurulmalıdı. Köklü dəyişikliklər lazımdı. 3-4 futbolçu ilə vəziyyət düzələsi deyil. (Apasport.az)
Fanat.Az