Region Liqasına start verilməsinə sayılı günlər qalıb. Artıq bir çox bölgələrin komandaları iştirak etmək üçün müraciət ünvanlayıb. Püşkatma da keçirilib və iştirakçıların adları, o cümlədən sayı bəllidi. Amma bu komandalar arasında Salyan təmsilçisi yoxdu.
Hansı ki, birvaxtlar bu bölgədə "Plastik", "Muğan", NBC, "Rəvan" kimi komandalar olub. Yaxın keçmişə qədər Salyan təmsilçiləri Premyer Liqamızda iştirak edib. Bəs bu dəfə niyə sözügedən bölgənin təmsilçisi Region Liqasında olmadı? Üstəlik, Salyanda təbii örtüklü meydança da var.
Sualımıza cavab tapmaq üçün Salyan rayon Gənclər və İdman İdarəsinin nəzdindəki futbol məktəbinin müəllimi, bir vaxtlar "Plastik"in şərəfini qoruyan və "Rəvan"ı çalışdıran Heydər Ağayevlə danışdıq. Heydər bəy açıqlamasında bunları söylədi.
"Vallah, biz nə xəbər veriblər, nə də məktub gəlib. Heç çağırmayıblar da. Əlbəttə, dəvət olsaydı niyə iştirak etmirdik ki? Salyanda oynayan uşaqlar da var. Həvəskarlar Liqasında "Cəfəri" adlı təmsilçimiz iştirak edir. Təklif gəlməyib. Eşitdiyimizə görə Neftçala, Yardımlı və bir çox rayonlara məktub göndərilib. Onlar da iştirak ediblər. Heç olmasa bir rəsmi sənəd olmalıdı ki, biz də iştirak etmək üçün hazırlığa başlayaq.
İsgəndər Cavadov rayonlara gəlib, İcra Başçıları və ya İdman İdarələrinin rəhbərləri ilə görüşüb. Amma bizdə elə şey olmayıb. Bizimlə də maraqlanan olsaydı, oynayardıq. Camaat asudə vaxtlarında gəlib baxıb, əylənərdilər. Biz də gəncləri yığardıq başımıza. Komanda yığmaq problem olmazdı.
AFFA rayon rəhbərliyinə məlumat versəydi, yəqin ki, xəbərimiz olardı. Amma bəzi əlaqəli qurumlardan soruşmuşam, məktub gəlməyib. Bəlkə də məktub yollayıblar gəlib çatmayıb. Şəxsən mənə də heç nə deyilməyib. Bizim üçün də yaxşı olardı".
Mənbə: sport7.az