Ramiz Məmmədov "Keşlə”nin transfer məsələlərinə qarışmayacaq. Fanat.Az-a kluba yaxın mənbədən verilən məlumata görə, ölkə kubokunun 1/4 finalında "Kəpəz”i mübarizədən kənarlaşdıran Bakı təmsilçisinin çalışdırıcısı özü belə istəyib.
Öncə "ağ-göylər”in iki satqın futbolçusunun - Mirhüseyn Seyidovla Nizami Hacıyevin faş edilməsinə nail olan çalışdırıcı ardından məlum oyunçu çatışmazlığı fonunda komandasını yarımfinala yüksəldərək işinə məsuliyyətlə yanaşdığını isbatlayıb. Artıq rəhbərlik sözügedən mütəxəssisi postunda saxlamaqda qərarlıdı.
Ramiz bəy qışda 3-4 yeni legioner və hazırda sərəncamında olan futbolçulardan vəhdət yaratmaq, rəqabətədavamlı komanda qurmaq istəyindədi. Onun menecerlərlə ünsiyyətə girməmək, transferlərə xərclənəcək məbləğlə yaxından maraqlanmamaq istəyinə gəlincə, bu addımı əlavə söz-söhbətlərə meydan verməmək üçün atacaq. Ancaq bu o demək deyil ki, "yuxarılar” yeni oyunçularla baş məşqçinin rəyini soruşmadan müqavilə imzalayacaq. "Keşlə”nin çalışdırıcısı Bakı təmsilçisinə gəlməyə razılıq verənlər arasından yararlıları, kollektivə fayda verə biləcək adları seçəcək. Yaxın günlərdə baş tutacaq görüşdə hansı mövqelərə "yeni qan” lazım olduğu bir daha müzakirə ediləcək və büdcəyə uyğun transfer planları müəyyənləşəcək.
Fanat.Az