"Qarabağ" 3 il sonra Azərbaycan Kubokunda yarımfinala çıxa bilməyib. Fanat.Az xəbər verir ki, Ağdam klubu sonuncu dəfə 2013/14 mövsümündə 1/4 finalda uduzmuşdu.
Həmin vaxt bu mərhələdə "Qəbələ" ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri mübarizəni dayandırmışdı. Bu dəfə isə "Qarabağ"ın qarşısını "Sumqayıt" kəsib.
2013/14 mövsümündən sonrakı 3 mövsümdə "Qarabağ" Azərbaycan Kubokuna sahib çıxıb. 2014/15 və 2015/16 mövsümlərinin finalında "Neftçi"ni yenən ağdamlılar ötən mövsüm "Qəbələ"dən güclü olmuşdu.
"Qarabağ"ın kubokda "Sumqayıt"la yolları 4-cü dəfə kəsişib. 2011/12 mövsümündə 1/8 finalda qarşılaşan rəqiblərin oyununu ağdamlılar 3:0 hesabı ilə qazanmışdı. Bu komandalar ardıcıl üçüncü mövsümdə 1/4 finalda görüşüb. 2015/16 mövsümündə rəqibini 2:0 və 4:1 hesabı ilə yenən Qurban Qurbanovun komandası ötən mövsüm 6:0 və 5:2 hesablı qələbələr qazanmışdı. Cari mövsümdəki ilk oyunda da "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" ilk dəfə bu rəqibə uduzmaqla mübarizəni dayandırıb - 0:2.
Fanat.Az