"Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib. Azərbaycandakı həyatında danışan futbolçu maraqlı fikirlər səsləndirib.
- Artıq yarım ildir Bakıdasınız. Azərbaycanın paytaxtında həyatınız necədir?
- Yaşayış yerimi və klubumu dəyişmək əla qərar oldu. Çempionlar Liqasında oynadım, amma qazancım təkcə idman uğuru olmadı. Yeni insanlar, yeni ölkə və mədəniyyətlə tanış oldum. Burada xoş həyat hökm sürür.
- Polşada çoxları hələ də Azərbaycanı "3-cü dünya” kimi qəbul edirlər...
- Buranı görənə qədər mən də pis fikirdə idim. İlk dəfə gənclik illərimdə - 2003-cü ildə Bakıda olmuşdum. Bəlkə də buna görə hər şey mənə fərqli görünürdü. Şəhər o qədər də inkişaf etməmişdi. Bu qədər dəyişikliyi görəndə çox təəccübləndim. Müsbət dəyişiklik təbii ki, neftin hesabına olub. İnsanlar əcnəbilərə qarşı dostcanlıdılar. İngilis dilində də ünsiyət yaratmaq olur. Amma rus dili dominantlıq edir. Buna görə də Yeni ildən sonra rus dilini öyrənmək üçün kursa yazılmaq istəyirəm. Azərbaycanın özəlliklərini öyrənmək istərdim. Burada hava əladır. Bakıya iyulda gəlmişəm. İlk yağış sentyabrın sonlarında yağıb. İndi havanın temperaturu 10 dərəcə ətrafında dəyişir. Qar yoxdur. Mən əsl Polşa qışını burada yaşamıram. Yeməklərdən narazı deyiləm. Burada özün üçün nəsə tapmaq üçün çoxlu Avropa restoranları var.
- Bakının mərkəzində Xəzər dənizinə baxan çoxmərtəbəli binada yaşayırsınız. Qonşularınız isə "Yagelloniya” və "Visla”nın sabiq üzvləri Dani kintana ilə Donald Geryedir...
- "Qarabağ”ın legionerlərinin 90 faizi burada yaşayır. Bundan başqa, burada "Qəbələ” və "Neftçi”nin əcnəbiləri, eyni zamanda, Azərbaycanda çıxış edən başqa xaricilərə də rast gəlmək olar. Binanın özündə restoran və mağazalar olduğundan başqa yerə getməyə ehtiyac qalmır.
- Aprel ayında "Formula 1” pilotları pəncərənizin altında yarışacaqlar...
- Son vaxtlar Bakıda voleybol üzrə Avropa çempionatı təşkil olunub. 2019-cu ildə Bakıda Avropa Liqasının finalı, 1 il sonra isə AÇ-2020-nin qruplarından birinin oyunları keçiriləcək. Bəlkə də həmin vaxt da "Qarabağ”da oynayacam. Çünki hələ ilyarımlıq müqaviləm var. Hələlik hər şey məni qane edir. Burada uzun müddət qalacağımı istisna etmirəm.
- Ölkə prezidenti İlham Əliyev oyunlarınıza gəlir?
- Çempionlar Liqasının seçmə mərhələsi və qrupda keçirdiyimiz oyunlara gəldiyini bilirəm. Hətta prezident bizi qəbul etmişdi. Hər birimizlə ayrılıqda söhbətləşdi. O, hamımızın ad və soyadlarımızı bilir. Bu isə məni sözün yaxşı mənasında təəccübləndirdi.
- Bakıda əsas bələdçiniz kimdir?
- İlk günlərdə Dani Kintana və onun həyat yoldaşı mənə köməklik göstərirdi. Mənə şəhəri gəzdirirdilər. Hətta ev tapmağıma da yardım etdilər. İbrahim Şehiç və Mahir Mədətovla dostluq edirəm. Həyat yoldaşım gələnə qədər mənə dəstək oldular.
- İşğal altında olan Ağdama səyahət gözlənilirmi?
- Ermənistanla müharibəyə qədər klubun öz bazası var idi. Amma dostlarım deyir ki, indi oralara getmək çox təhlükəlidir.
- Azərbaycanın mədəniyyətini və adət-ənənələrini daha yaxşı öyrənməyə çalışırsınızmı?
- İslam dini ilə maraqlanmağa başlamışam. Bu, bizim planlarımıza təsir edir. Bütün məşqlər günorta və ya axşam olur. Çünki müsəlmanlar gündə 5 dəfə, hətta gecə yarı saat 3-4 arası namaz qılırlar.
- Bu rituallar sizi narahat etmir? Toplanış vaxtı müsəlman futbolçulardan Şehiçlə eyni otaqda qalırsınız...
- Xoşbəxtlikdən gecə çox ağır yatıram. İbrahim səhər saat 4-ə qədər yatmır, ya "Play Station”, ya da kompüterdə oyunlar oynayır. O, namaz qılıb yatır və günorta saat 1-də yuxudan oyanır. Ona görə də Azərbaycanda oyun günü fərqlidir.
- Digər dostunuz isə artıq Azərbaycan millisində debüt edən 20 yaşlı hücumçu Mahir Mədətovdur...
- Çempionatda belə bir qayda var ki, komandanın start heyətində 5 yerli futbolçu yer almalıdır ki, onlardan da biri 21 yaşadək olmalıdır. Bizdə də bu oyunçu Mahirdir. Ancaq onun üstünülüyü təkcə gənc olması deyil. Çox perspektivli futbolçudur. Əgər kimsə ölkə xaricində çıxış etməlidirsə, bu Mədətovdur.
- Paltardəyişmə otağında yerlilərlə əcnəbilərə fərq qoyulurmu?
- Burada əla atmosfer var. Qurban Qurbanov heç bir mübahisəyə imkan verməz. O, komandada ən vacib şəxsdir və böyük hörməti var.
- Stanislav Çerçesovu xatırladır?
- Çox tələbkardır, nadir hallarda gülür. Onun üçün nizam-intizam birinci yerdədir. Amma hələ Çerçesova çatmağına var. Məşqlər intensiv deyil. Yanvardakı toplanışdan sonra fikrimin dəyişib-dəyişməyəcəyini görəcəyik (gülür). Maraqlıdır, Polşada qış toplanışı 10 günlük olur. Burada isə yanvarın 9-dan fevralın 4-nə qədər hazırlıq keçəcəyik. Ümid edirəm ki, buna dözəcəm.
- Oyundan 2 gün əvvəl toplanırsınız. Final fitindən sonra isə evə yox, klubun bazasına gedirsiniz...
- Hər şeyə baş məşqçi qərar verir. Polşada hazırlıq haqda 1 həftə əvvəl məlumat alırdıq. Burada isə hər günün öz planı var. Xoşbəxtlikdən məşqlərdən sonra məhdudiyyət yoxdur. Hamı istədiyini edə bilər.
- Çempionlar Liqasında hər iki oyunda "Atletiko”dan xal aldınız. Şampan partlatdınız?
- Baş məşqçimiz spirtli içkiləri sevmir. Ona görə də bu cür qeydetmə olmadı. Çempionlar Liqasının qrupuna düşdüyümüzə görə "Legiya”dakından 2-3 dəfə az mükafat aldıq. Mən müqaviləmdəki bəndə görə əlavə bonus aldım. Maliyyə şərtlərində razılaşa bilmirdik. Ona görə də mən fərdi bonus məsələsini təklif etdim. Klub rəhbərliyi isə bu təkliflə razılaşdı.
- Çempionlar Liqasında qrup mərhələsinə "Çelsi”yə 0:6 məğlubiyyətlə başladınız...
- Londondakı məğlubiyyətdən sonra əhvalımı korlamadım. Çünki 4 qolu öz səhvimizdən buraxmışdıq. Əsas odur ki, növbəti oyunlarda yaxşı təsir bağışladıq.
- Çempionlar Liqasındakı ev oyunlarınızı Bakı Olimpiya Stadionunda keçirdiniz və yaxşı azarkeş dəstəyi aldınız. Bu, Azərbaycanda futbolun həqiqətən populyarlığı, yoxsa biletlərin ucuz olması ilə bağlı idi?
- Düşünmürəm ki, bu, sırf biletlərin qiyməti ilə bağlı idi. Fanatlar böyük komandaları canlı görmək istəyirdilər. Bu cür auditoriya qarşısında oynamaq möhtəşəm idi. Çempionatda isə bu cür azarkeş dəstəyini biz yalnız arzu edə bilərik. Bizim bazamızda elə də böyük olmayan stadionumuz var. 2-3 min azarkeş tutan stadion "Azərsun Arena” adlanır. Kiçik, amma çox əlverişlidir. Hərdən isə oyunlarımızı Tofiq Bəhramov adına stadionda oynayırdıq.
- Azarkeşlər sizi küçədə görəndə tanıyırlar? Ümumiyyətlə, adınızı tələffüz etməyi öyrəniblər?
- Onlar tez-tez mənə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Məni tanımamaq mümkün deyil. Sarı saçlarım hər zaman seçilir. Çoxları məni formamda yazıldığı kimi - "Kuba” çağırır.
- Azərbaycanda hakimlərə münasibət necədir?
- Düzünü desəm, elə də yaxşı deyil. Sirr deyil ki, hakimlərin qərarına tez reaksiya verənəm. Bəziləri buna görə məni cəzalandırıblar. Özümü saxlamağa çalışıram, çünki baş məşqçi belə şeylərə qarşı çox həssasdır. Hətta bəzi oyunlardan sonra cərimələnmişəm.
- "Qarabağ” Polşa çempionatında oynasaydı, çempionluq şanslarını necə qiymətləndirərdin?
- Yaxınlarda fanatlardan biri bu haqda məndən soruşmuşdu. Cavab vermişdim ki, indiki "Qarabağ” birinci liqaya başçılıq edərdi. Bir il əvvəl isə "Legiya”ya uduzardı.
- Yeni ili harada qarşılayacaqsınız?
- İstərdim ki, Yeni ili ailəm, qohumlarımla birlikdə qarşılayım. 6 aydır Polşadan kənardayam. (Qol.az)
Fanat.Az