"Qəbələ” Deyv Bulthuislə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, müdafiəçi Hollandiyanın "Herenven” klubuna keçib.
"Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, "qırmızı-qaralar” "Herenven”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.
Artıq sənədləşmə işləri də yoluna qoyulub, hər iki tərəfin yaxın günlərdə keçidi rəsmən açıqlayacağı gözlənilir. Deyv Bulthuis "Qəbələ”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmayacaq.
Deyv Bulthuis "Herenven”lə 2.5 illik müqaviləyə imza atıb. O, keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib: "Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada - "Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. "Herenven” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.
Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada - "Utrext”də başlayan Bultuis 4 mövsüm vətənində çıxış etdikdən sonra "Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun "Qəbələ”dən öncəki son komandası olub.
Fanat.Az