Qazaxıstanın "Okjetpes” klubunun formasını geyinən iki futbolçu Azərbaycan çempionatında çıxış edə bilər. Fanat.Az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun idman direktoru Rüstəm Rəcəbov məlumat verib.
O, bildirib ki, serb qapıçı Saşa Stamenkoviç və Argentina əsilli sloveniyalı yarımmüdafiəçi Lukas Mario Xorvat Azərbaycandan təklif alıb. Rüstəm Rəcəbov həmin klubun adını açıqlamasa da, iddiasız olduğunu bildirib.
"Saşa və Xorvatla karyeralarını harda davam etdirəcəkləri ilə bağlı danışmışam. Hazırda onlara Azərbaycan, Cənubi Kipr və Serbiya klublarından təkliflər var. amma bu klublar qarşılarına böyük məqsədlər qoymayıblar. Ona görə də qərar verməyə tələsmirlər" deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, hər iki futbolçu Azərbaycanda çıxış edib. Saşa Stamenkoviç 2011-2015-ci illərdə "Neftçi"nin formasını geyinib. Qolkiper "ağ-qaralı" klubun heyətində 131 rəsmi oyuna çıxıb, iki dəfə Azərbaycan çempionluğunu, bir dəfə ölkə kubokunu qazanıb, Avropa Liqasının qrup mərhələsində oynayıb. 33 yaşlı serb qapıçı ölkəmizə gəlməzdən əvvəl Serbiyanın "Dubotsiça", "Radniçki", "Napredak", "Srvena Zvezda", ölkəmizdən ayrıldıqdan sonra isə Yunanıstanın "Kerkira" və Qazaxıstanın "Okjetpes” klublarında oynayıb.
Lukas Mario Xorvat isə 2012-2015-ci illərdə "Bakı"da forma geyinib. Bu müddətdə 99 rəsmi oyuna çıxan futbol 4 qol vurub. O, Bakıdan başqa Sloveniyanın "Faktor", "Drava", "İnterblok", "Domjale" və Qazaxıstanın "Okjetpes” klublarında top qovub, Sloveniyanın U-21 yığmasında oynayıb.
Fanat.Az