Robert Prosineçki, Ozan Can Kokçü, Dəniz Yılmaz, Elnur Cəfərov - bu 3 şəxsi birləşdirən yeganə amil "Bursaspor”du.
Xorvat məşqçi uzun müddət bu kluba gedəcəyi ilə bağlı reklam kampaniyası apardı, qiymətini artırmağa çalışdı; milliləşdirilmiş futbolçu Türkiyə klubuna düşdü, sonra isə qovuldu; Dəniz Yılmaz bu klubdan millimizə çağırıldı və tezliklə yararsız olduğu aydınlaşdısa, Elnurun adı indi bu komandayla yanaşı hallanır. Guya ki, Cəfərov "Bursaspor”a təklif edilib.
Ölkə mətbuatına ötürülən xəbərdə deyilir:
"Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Türkiyəli həmkarlarımızın məlumatına görə, menecerlər 20 yaşlı futbolçunu yarımmüdafiəçi axtarışında olan Super Liqa təmsilçisi "Bursaspor”a təklif ediblər. Həmçinin, yüksək liqanın digər klubu "Kayserispor”un da Cəfərovla maraqlandığı qeyd edilib.
Elnurun "Neftçi” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. O, cari mövsümdə "ağ-qaralar”ın heyətində cəmi 8 oyunda şans qazanıb. Bakı klubunun baş məşqçisi Tərlan Əhmədov gənc futbolçunu intizamsız davranışına görə mövsümün gedişində əsas komandadan uzaqlaşdırmışdı. Elnurun qışda "Neftçi”dən ayrılacağı gözlənilsə də, Əhmədov ona daha bir şans vermək qərarına gəlib. O, hazırda mövsümün ikinci yarısına hazırlaşan "flaqman”ın əsas komandasının məşqlərinə qatılır.
"Xəzər Lənkəran”ın yetirməsi olan Cəfərov, əsas milliylə yanaşı, aşağı yaş qruplarından ibarət yığmalarda da çıxış edib. Gənc futbolçu daha öncə legioner karyerası yaşayıb. Ancaq onun ölkə xaricindəki çıxışı heç də uğurlu alınmayıb. 2016-cı ildə Portuqaliyanın "Tondela” klubuyla anlaşan Elnur, cəmi bir neçə gün sonra baş məşqçiylə münaqişəyə görə bu klubdan ayrılmışdı. Bundan sonra Xorvatiyanın ikinci liqa təmsilçisi "Duqopolye”də çıxış etməyə başlayan 20 yaşlı yarımmüdafiəçi, əsas heyətə düşməkdə çətinlik çəkmişdi. O, ötən ilin yayından "Neftçi”nin üzvüdü.
Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz "Bursaspor”da oynayıb. Burada çıxış etdiyi 1,5 il ərzində bir neçə dəfə intizamsızlığa görə əsas komandadan kənarlaşdırılan Yılmaz, nəhayət, bu ay klubdan ayrılıb. O, karyerasını "Gənclərbirliyi”ndə davam etdirəcək”.
Əvvəla, xəbərin özündə səhv var – Cəfərov "Neftçi”nin yox, U-21 millimizin düşərgəsindədi. Bundan əlavə, klubdan aldığımız məlumata görə, Elnurla bağlı məsələdən onlarına xəbəri yoxdu. Əcəba, bakılılara məxsus futbolçunu onlardan xəbərsiz, bursalılara kim təklif edib? Həm də niyə başqası yox, məhz "Bursaspor”?
Təbii ki, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovun milli komandalardakı eşidən qulağı Riad Rəfiyevin oyunlarıdı. Cəfərovu bütün Avropa klublarında gəzdirən, hamısında futbolçunun karyerasını yox, öz cibini düşünən, axırda "Neftçi”yə calaq edib 10 min manat xidmət haqqı götürən millinin meneceri indi yenə qazanmaq həvəsindədi. Bu səbəbdən futbolçunu reklam edir, onun qiymətini qaldırır. Odur ki, belə xəbərlərə çox diqqət etməyin, Elnurun bacarığının maksimumu "Neftçi”də ehtiyatda qalmaqdı, "Bursaspor”da oynamaq yox.
Mənbə: futbolinfo.az