Premyer Liqaya vəsiqə qazana bilməyən "Turan Tovuz” cari mövsümün ikinci yarısının hazırlıqlarını doğma rayonda davam etdirir. Fanat.Az xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev açıqlamasında bu mövsümdə də medallar uğrunda mübarizə apardıqlarını bildirib:
"Ötən mövsüm azarkeşlərimizin də böyük dəstəyi ilə çempionluğu bayram etdik. Bununla yanaşı klubun inkişafı üçün xeyli işlər gördük. Demək olar ki, uşaq futbol məktəbi yenidən quruldu. Bir çox gənc, istedadlı futbolçumuz başqa komandalara verilmişdi. Çətinliklərə baxmayaraq komandaları toparlaya bildik. Çempion heyətimizdən 3 nəfər Premyer Liqaya, 4 nəfər isə ölkə xaricinə yollandı. Cari mövsümə isə hazırlığı gec başladıq. Futbolçu tapmaqda da çətinlik çəkirdik. Bakıda komandaların çox olması və büdcələrinin bizdən üstün olması səbəbindən futbolçular o komandalara getməyi üstün tuturlar. Əksər komandalar hazırlılğa mövsümün startına 2 ay qalmış başlasalar da, biz 10 gün qalmış məşqlərə başlaya bildik. Komandanı formalaşdırdıq. Bütün çətinliklərə baxmayaraq, yuxarı yerlər uğrunda mübarizəmizi davam etdiririk. 5-ci pillədə qərarlaşsaq da, 2-i yerlə aramızda cəmi 3 xal fərq var. Məqsədimiz mövsümü medalla bitirməkdi. Lisenziyalaşma prosesində bütün sənədlərimiz qaydasındadı. Yeganə problemimiz maliyyə ilə bağlıdı. Heç bir yerdən maddi dəstəyimiz yoxdu. Bu məsələni həll edə bilsək ümid edirəm Premyer Liqaya da yüksələ bilərik”.
Oqtay Abdullayev mətbuatda yayılan danışımış oyunlarla bağlı iddialara da aydınlıq gətirib: "Öncə onu deyim ki, biz onlarla, yüzlərlə yox, minlərlə azarkeş önündə oynayırıq. Azərbaycan futbolunun beşiyidi Tovuz. Burada 7-dən 70-ə hər kəs futbolu çox yaxşı bilir. Tovuzlu azarkeşləri aldatmaq mümkün deyil. Onlar da bu söz-söhbətin "Turan Tovuz”a heç bir aidiyyatının olmadığını çox yaxşı dərk edirlər. Onları da bu qarayaxma kampaniyası çox narahat edir. Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər. Mən yeni gələndə söz-söhbət yayıldı ki, Oqtay Abdullayev pul yeyir, klubu talan edir. Hamının məlumudu ki, bizi AFFA maliyyələşdirir. Kənardan heç bir dəstəyimiz yoxdu. Hər ay AFFA tərəfindən maliyyə yoxlamaları aparılır, xərclədiyimiz hər qəpiyin hesabatını veririk. Bir qəpik belə yeyinti olmadığı sübüt edildi. Maliyyə məsələsində heç bir bəhanə tapa bilməyənlər indi də oyun alqı-satqısı söhbətini ortaya atırlar. Hansı klub rəsmi şəkildə AFFA-dan oyunlarının araşdırılmasını tələb edib? AFFA-dan da bizimlə bağlı heç bir şübhələrinin olmadığını bildirdilər. Lakin mən AFFA-ya rəsmi şəkildə müraciət edərək bu söz-söhbətlərə son qoyulması üçün oyunlarımızın araşdırılmasını xahiş etmişəm. Oyun alıb-satan bunu edər? Danışılmış oyunlar futbolun bəlasıdı. Ona gedən ləyaqətsiz adamdı. Biz hətta ötən mövsüm çempion olduqda da komandanın bütün oyunlarını diqqər mərkəzində saxlayırdıq. AFFA ilə birlikdə komandamızı tam araşdırır, hər hansı neqativ halın yaşanmaması üçün çalışırıq. Hansı ki, bunları klubumuza ləkə yaxmaq istəyənlər heç bilmirlər".
Məni narahat edən məsələ Tovuz futboluna, klubumuza ləkə yaxılmasıdı. AFFA-dan başqa heç bir maddi köməyimiz olmadığı halda, kasad büdcə ilə Tovuz futbolunun inkişafı üçün əziyyət çəkirik. Bu şaiyələri yayanları da yaxşı tanıyırıq. Belələri futbolun beşiyi olan Tovuza zərbə vurmaq istəyirlər. Belə qərəzli şaiyələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirləsə ortaya sübüt qoysunlar. Biz Azərbaycan futboluna, Tovuz futboluna xidmət edirik. İşimizlə bunu sübut ediririk.
Belə qarayaxma kampaniyası uşaq futboluna da valideynlərə də azarkeşlərə də pis təsir edir, hövsələdən çıxarır. On minlərlə azarkeşimiz də bu şaiyələrdən narahatdır. Fərziyyə ilə, şər atmaqla olmur. Əgər sübut varsa qoysunlar ortaya”.
Fanat.Az