AFFA daha 2 klubu çempionatdan qovmağa hazırlaşır. Ötən mövsümün gedişində "Rəvan”la "Şərurspor”u cəzalandıran, cari çempionata isə daha bir neçə klubu şübhələr üzündən buraxmayan qurum, indi də "Turan Tovuz”la "Binə”nin hökmünü kəsmək niyyətindədi.
Bu klubların fərqləndirilməsi təsadüfi deyil. Oyun alqı-satqısı, nəticələrin bukmeker kontorlarına uyğun müəyyənləşdirilməsi, bir sözlə, manipulyasiyalar həddindən artıq çoxdu. I divizionla bağlı UEFA-dan gələn məktub-siqnalların arası kəsilmir, AFFA özü də bəzi sübutlar tapıb. Elə bu üzdən daha şəffaf yarış istəyən AFFA sözügedən komandaları qovmaqdan başqa yol görmür.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də yaxınlarda bu barədə danışmış və bəzi klubların cəzalanacağını demişdi. O, hətta mövsümün gedişində də bunun reallaşa biləcəyini sözlərinə əlavə etmişdi.
"Binə” yeni klubdu, dağılmasıyla yaşamasının ciddi fərqi yoxdu. Lakin tovuzlularla bağlı vəziyyət fərqlidi. Bölgə klubunun ənənələri bir yana, AFFA-dan maliyyəşməsi də ciddi başağrıdı. Bu səbəbdən qurum verəcəyi qərara don geyindirməyə çalışır.
"Turan”ın Müşahidə Şurasının sədri Oqtay Abdullayev əl-ayağa düşməsi, verdiyi açıqlamalar da vəziyyətin ciddiliyinin xəbərçisidi. Son vaxtlar klubun inkişafı üçün xeyli iş görülməsindən, uşaq futbol məktəbinin yenidən qurulmasından bəhs edən Abdullayev problemin olduğunu boynuna alıb: "Tovuzlu azarkeşləri aldatmaq mümkün deyil. Onlar da bu söz-söhbətin "Turan Tovuz”a heç bir aidiyyatının olmadığını çox yaxşı dərk edirlər. Onları bu qarayaxma kampaniyası çox narahat edir. Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər. Mən yeni gələndə söz-söhbət yayıldı ki, Oqtay Abdullayev pul yeyir, klubu talan edir. Hamının məlumudu ki, bizi AFFA maliyyələşdirir. Kənardan heç bir dəstəyimiz yoxdu. Hər ay AFFA tərəfindən maliyyə yoxlamaları aparılır, xərclədiyimiz hər qəpiyin hesabatını veririk. Bir qəpik belə yeyinti olmadığı sübüt edildi. Maliyyə məsələsində heç bir bəhanə tapa bilməyənlər indi də oyun alqı-satqısı söhbətini ortaya atırlar. Hansı klub rəsmi şəkildə AFFA-dan oyunlarının araşdırılmasını tələb edib? AFFA-dan da bizimlə bağlı heç bir şübhələrinin olmadığını bildirdilər. Lakin mən AFFA-ya rəsmi şəkildə müraciət edərək bu söz-söhbətlərə son qoyulması üçün oyunlarımızın araşdırılmasını xahiş etmişəm. Oyun alıb-satan bunu edər? Danışılmış oyunlar futbolun bəlasıdı. Ona gedən ləyaqətsiz adamdı. Biz hətta ötən mövsüm çempion olduqda da komandanın bütün oyunlarını diqqər mərkəzində saxlayırdıq. AFFA ilə birlikdə komandamızı tam araşdırırıq, hər hansı neqativ halın yaşanmaması üçün çalışırıq. Hansı ki, bunları klubumuza ləkə yaxmaq istəyənlər heç bilmirlər. Məni narahat edən məsələ Tovuz futboluna, klubumuza ləkə yaxılmasıdı. AFFA-dan başqa heç bir maddi köməyimiz olmadığı halda, kasad büdcə ilə Tovuz futbolunun inkişafı üçün əziyyət çəkirik. Bu şaiyələri yayanları da yaxşı tanıyırıq. Belələri futbolun beşiyi olan Tovuza zərbə vurmaq istəyirlər. Belə qərəzli şaiyələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirləsə, ortaya sübüt qoysunlar. Biz Azərbaycan futboluna, Tovuz futboluna xidmət edirik. İşimizlə bunu sübut ediririk. Belə qarayaxma kampaniyası uşaq futboluna da, valideynlərə də, azarkeşlərə də pis təsir edir, hövsələdən çıxarır. On minlərlə azarkeşimiz də bu şaiyələrdən narahatdı. Fərziyyə ilə, şər atmaqla olmur. Sübut varsa, qoysunlar ortaya”.
Abdullayev bu açıqlama ilə özü özünü ifşa edir. Maraqlıdı, problem yoxdusa, AFFA-ya edilən müraciət nəyə lazımdı? Konkret 3 futbolçudan şübhələndiklərini rəsmi məktubla quruma bildirən sədr hansı kampaniyadan, qərəzdən danışır?
Xatırlayırsızsa, "Futbolinfo”da şübhəli oyunlarla, xüsusilə Tovuz klubunun oyunlarındakı qəribəliklərlə bağlı silsilə yazılar getmişdi. AFFA da qeyri-rəsmi bu yazıların həqiqət olduğunu təsdiqləmişdi. O zaman səsi çıxmayan, bu olaylarla bağlı danışmayan Abdullayev su boğaza çatanda dil açıb.
Mənbə: Futbolinfo