Avropa Liqasının 1/16 final mərhələsinin dünən baş tutan oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib.
Serbiya təmsilçisi "Srvena Zvezda” səfərdə Moskva MOİK-inə 0:1 hesabıyla uduzaraq turniri tərk edib. Alan Dzaqoyevin vurduğu yeganə top işimizə yarayıb. Serbiyanın hesabına əmsal yaza bilmədiyindən Azərbaycanın 23-cü pillədəki mövqeyini qoruyub. "Srvena Zvezda” səfərdə rusları yensəydi, ölkəmiz bir addım geriləyəcəkdi. Hərçənd 0,375 əmsallıq üstünlüyümüzün qorunması müvəqqəti ola bilər. Bu gün reallaşacaq "Viktoriya” (Çexiya) – "Partizan” matçında qonaqların mümkün zəfəri ölkəmizin 24-cü pilləyə yuvarlanmasına kifayət edəcək.
Qeyd edək ki, bu mövsüm 4,375 əmsal qazanan Azərbaycan son 5 ilin nəticələrinə görə 19,125 əmsal toplamağı bacarıb.
Fanat.Az