"Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev "Keşlə” ilə oyundan sonra jurnalistlər önünə çıxıb. Fanat.Az-ın məlumatına görə orta xətt oyunçusu ona ünvanlanan sualları cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiz?
- Bu gün özümüzə bənzəmirdik. İlk hissədə, ümumiyyətlə, istədiyimiz oyunu göstərə bilmədik. Zəif təsir bağışladıq. İkinci hissənin sonlarında bir qədər yaxşı göründük. Əsas odur ki, sona qədər mübarizə apardıq və qalib gəldik. Qələbəyə görə çox sevinirəm, komanda yoldaşlarımı təbrik edirəm. "Keşlə”yə də uğurlar arzulayıram.
- Bəlkə "Neftçi” xal itirdiyinə görə arxayınlaşmışdız?
- Xeyr. Qələbə qazanmaq istəyirdik və buna nail olduq.
- Qələbə qolunu elə qeyd etdiz ki, sanki "Sumqayıt” avrokuboklara vəsiqə qazanmışdı...
- Oyunun sonlarıydı, hesab da bərabər idi. Vurulan qol belə sevinc yaşatdı. Bizim yerimizə "Keşlə” də olsaydı, belə edəcəkdi. Hamımız azərbaycanlı balalarıyıq. Bu, son anda qol vurmağın sevinci idi.
- Artıq "Neftçi”ni 7 xal qabaqlayırsız...
- Bizim üçün fərqi yoxdur. Öz oyunumuza baxırıq. Nə qədər qabağa getsək, o qədər yaxşıdı. Komandamız azərbaycanlı futbolçulardan ibarətdi, ona görə də fəxr edirəm.
- "Neftçi” ilə həm 4-cü yer uğrunda, həm də ölkə kubokunda mübarizə aparırsız.
- Biz kubokla çempionat oyununda fərq qoymuruq. Bunu Samir müəllim də tapşırıb. Hər iki cəbhədə mübarizə aparacağıq.
- Paltardəyişmə otağında da sevinciniz hiss olunurdu. Sizə mükafat söz verilib?
- Mükafat hər oyundan sonra olur. Rəhbərliyə də təşəkkür edirik. Hər şey qaydasındadı. Klub prezidentinin də ad günü idi. Ona görə səs-küy daha da artmışdı.
- "Keşlə” ilə kubokun yarımfinalında da oynayacaqsız. Bu qələbə sizdə arxayınlıq yaratmayacaq?
- Xeyr. Bizə fərq etmir. Hər oyunda bacardığımız qədər yaxşı mübarizə aparmağa çalışırıq.
- Səndən irəlidə yeni hücumçu – Ülvi İsgəndərli oynadı. Anlaşmanız necə idi?
- Ülvi gənc və perspektivlidi, oyunu xoşuma gəlir. İnşallah, bizə qarşıdakı oyunlarda kömək edəcək.
Fanat.Az