“Komandanı qoruyub saxlamaq üçün həm yerli, həm də legioner futbolçuların bəziləri ilə yolumuzu davam etdiririk. Nikolas Kanales, Julius Vobay və Erik Ramosla da danışıqlar gedir. Bu futbolçulara bir çox təkliflər var. Erik Ramosun Paraqvayda olan klubu ilə razılaşmağa çalışırıq. Çünki Ramos “Neftçi”də icarə əsasında oynayır. Ürəyi “Neftçi”də olan futbolçularla müqavilə bağlayacağıq”.
Qol.Az saytına açıqlamasında bu özləri “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov komandada müqaviləsi başa çatan futbolçular haqda danışarkən deyib.
Klub rəsmisi yaxın günlərdə onların məsələsinə aydınlıq gələcəyini bildirib: “İyunun 12-nə qədər müqaviləsi bitən futbolçuların komandada qalıb-qalmayacağına aydınlıq gətirəcəyik. Gedəcək futbolçuların yerinə daha səviyyəli oyunçular gətirə bilərik. Ancaq onu da deyim ki, adını çəkdiyim futbolçular özləri də “Neftçi”də qalmaq istəyirlər. Sadəcə, onların menecerləri ölkə xaricindən gələn təklifləri dəyərləndirirlər. Biz burda heç bir problem görmürük. Bu futbolçular hər hansı kluba keçərsə, onlara yenə də təşəkkürümüzü bildirib, yollarımızı ayıracağıq. “Neftçi”nin müəyyən büdcəsi var. Milyonları kor-koranə havaya səpmək istəmirik. Azarkeşlərə də demək istəyirəm ki, narahat olmasınlar, daha səviyyəli futbolçular transfer olunacaq”.
İdman24.az