Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında bütün liqaların ötən turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Fanat.Az xəbər verir ki, Region Liqanın qalmaqallı "Gənclik” – "Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib.
Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, "Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "Gənclik”in futbolçusu Amid Zeynalov 10 oyunluq cəzalandırılıb.
Eyni zamanda hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırılan meydan sahiblərinin oyunçuları Elman İsgəndərov və Fərid Ağabəyli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, "Gənclik” (Sabirabad) - "Füzuli" oyununun son dəqiqələrində ara qarışıb. "Gənclik” komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan çıxarıblar. Beləliklə, hesab 1-1 olarkən oyun yarımçıq dayandırılıb.
Fanat.Az