Hə, alındı... Milli ötən tsikldə imza atdığı 7 xallıq rekordu da yenilədi, üstəlik, azərbaycanlı azarkeşlərə “bizimkilər “100-lük”dədi, özü də 88-ci pillədə” faktı ilə təskinlik tapmaq imkanı da yaratdı. Yığmanın seçmə mərhələni 4-cü yerdə bitirməsi, FİFA-nın reytinq sıralamasında 19 pilləlik sıçrayış üzlərə təbəssüm qonduran reallıqdı.
Bu gün Rusiyanın oyun planında Berti Foqtsun yetirmələrindən iki dəfə yaxşı görünməsi, Vaqif Cavadovun bərabərlik topunu oyundankənar vəziyyətdən vurması haqda danışmaq da yersizdi. Ona qalsa, ruslar “doğma divarlar” arasında Azərbaycanı hakimin təyin etdiyi gülünc11 metrlik cərimə zərbəsi hesabına yenmişdi. Bu futboldu, lap qonaqlardan zəif görünsələr də, millidəkilərin kişi kimi döyüşüb güclüyə boyun əyməməsi, azlıqda qalan komandanın missiyanı yerinə yetirməsi alqışlanmalıdı! Lap Vaqif o topu hakimin gözündən yayınıb əli ilə qapıya atsaydı da, bu millinin aldığı xalı ləkələməyəcəkdi.
Bu başqa məsələ ki, həmin qol oyunçu seçimində və yerdəyişmələrdə ciddi xətalara yol verən Berti müəllimi vəziyyətdən çıxardı... Dünən almanın getməli olduğunu deyən “skor yazarları” bu gün qalmasının vacibliyindən dəm vurur. Və görünən budu ki, durumu dəqiq incələmək fikrini yaxına buraxmayanlar “Berti baba, Bertican” nəğməsini ürəklə ifa etməkdən daha geniş yanaşma bucağı tapmır. Dövri mətbuatdakı ab-hava AFFA-dakıların Foqtsla bağlı qərarına şübhəsiz, təsirsiz ötüşməyəcək. Qərarsızlar gözləmə mövqeyindədi. Adamı şah başmağına çevirməyə tələsməyin...
P.S. Sizcə, növbəti tsiklin ilk oyununda yığmanın rəqib meydanında Malta ilə bərabərə qalması sürpriz sayılar?
Fanat.az