"Zədə ilə oynamaq futbolçu üçün böyük risk deməkdi. Düzdü, bütün futbolçular kimi, mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidi”. Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz”in hücumçusu Şadon Vinçester deyib.
Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. Zədə üzündən bir müddət meydana çıxmayan hücumçu tam sağaldığından, məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır.
Klubun saytına açıqlama verən Vinçester çətin günlərin artıq geridə qaldığını deyib: "Zədə alarkən həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdı. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdı”.
Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib: "Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdu. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam. Amma unutmaq olmaz ki, futbol kollektiv oyunudu. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludu”.
Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi: "İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdu. Elə Azərbaycanda top qovmağım da bu anlamdadı. "Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük önəm daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.
Fanat.Az