Dünən "Qarabağ”la oyundan bir xalla ayrılan "Keşlə”nin baş məşqçisi Yuri Maksimov mətbuat konfransında rəhbərlik tərəfindən aldadıldığını deyib.
Fanat.Az xəbər verir ki, oyundan sonrakı mətbuat konfransında ukraynalı mütəxəssis ona əvvəlcədən deyilən sözlərin, vəd olunan şərtlərin yerinə yetirilmədiyini bildirib:
"Açıq deyəcəyəm: Məni bura dəvət edəndə danışıq belə olmuşdu ki, müəyyən məbləğə futbolçular alacağıq. Amma onlarla müqavilə imzalandıqda, məbləğ 10 dəfə azaldı. Bu zaman mənə komandadan getmək qalırdı. Məni düzgün başa düşün: Avropa Liqasında "Dnepr"in heyətində çıxış etmiş futbolçular bura orada aldığından azacıq çox maaşa gəlməyə hazır idilər. Amma onları götürmədilər. Bu vaxt yığışaraq getməyim lazım idi. Hətta bir dəfə getmək də istədim. Sadəcə, futbolçular xahiş etdilər ki, komandanı atıb getməyim. Lakin eyni hal bir neçə dəfə təkrarlanırsa, bacarmıram. Görürəm ki, futbolçu maksimumunu oynayır. Kimi günahlandırım? Bax, bütün situasiya belədi.
Söhbət olmuşdu ki, bu məbləğə futbolçu seçib dəvət edəcəyik. Amma transfer etməyə gələndə məbləği azalda-azalda getdilər və video ilə oyunçu axtarıb-seçdilər. Mən heç nədən qorxmuram. Gəldiyim kimi də gedəcəyəm. Belə bir şəraitdə komandanı necə sıxa bilərəm? Əksinə, futbolçuların hamısına "çox sağ olun" deməyim lazımdı".
Fanat.Az