Mohammed Salah "Liverpul”un tarixinə düşmək planlarından danışıb.
Fanat.Az xəbər verir ki, misirli futbolçu bir mövsümdə daha çox qol vuraraq İan Raşın rekordunu yeniləmək istəyir. Şənbə günü "Bornmut”un qapısına 40-cı topunu vuran Salah Rocer Hant və Raşdan sonra bu nəticəni göstərmiş 3-cü "Liverpul”lu olmağı bacarıb.
Hərçənd 25 yaşlı Mohammedin 1983/84 mövsümündə 47 dəfə rəqib qapıçıları məyus edən Raşı qabaqlamaq şansı da var. Salah mövsümün sonuna qədər İngiltərə Premyer Liqasında daha 4 və Çempionlar Liqasının yarımfinalında 2 matça çıxa biləcək. "Liverpul” ÇL-in finalına yüksəlsə, sözügedən futbolçu mövsümün qalan bölümündəki 7 oyunda qoleadorluq bacarığını ortaya qoymaq imkanı qazanacaq.
Misirlinin ümidləri böyükdü: "Liverpul” kimi klubun tarixinə düşmək üçün əla şansım var. Qeyri-adi hisslər keçirirəm. Bacarsam, özümü xoşbəxt sayacam. 40 top vurduğum üçün məmnunam. Davamını gətirmək istəyirəm. Belə klubun əfsanələri ilə bir cərgədə durmaq olduqca qürurvericidi. Həmişə irəli baxıram. Öz-özümə deyirəm ki, Mohammed, sən birinci ola bilərsən! Bunu bacararsan! Rekordu yeniləmək üçün bacardığımı ortaya qoyacam. Amma əvvəllər də dediyim kimi, biz komanda olaraq güclüyük”.
Fanat.Az