"Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Komanda çox istəkli idi. Onların itirəcək heç nəyi yox idi, bacardıqları qədər çox xal toplamağa çalışırlar. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üzr istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə" ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib. Çalışdırıcı 1:2 hesabı ilə yenildikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Əhmədov hücumçuların oyunundan razı olmadığını bildirib: "Son oyunlarda qalib gəlsək də, qolları yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınlıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm".
Qarşılaşmanın gedişində "Neftçi"dən Ruslan Abışovla "Keşlə"dən Vaqif Cavadova arasında mübahisə düşmüş, Abışov rəqibinə təpik atmışdı. Əhmədov da məsələyə müdaxilə etmişdi. Tərlan bəy oyundan sonra olayla bağlı danışıb: "Vaqif mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudu. Danışmaq nəyə lazımdı? Mən niyə onunla dava etməliyəm? Ona artıq-əksik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim "sarı”sını verib. Əsas budu. Bir də deyirəm, mən ona artıq-əksik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdü, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona "boş ver, oyununu oyna” dedim".
"Neftçi”nin oyunçularının, xüsusilə, Derlis Meza Kollinin çox aqressiv görünməsi barədə danışan başməşqçi "Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdı. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var" deyib.
Fanat.Az