"Xəzər" I divizionun XVI turunda "Zaqatala"nı 3:2 hesabı ilə yenib və "Qaradağ Lökbatan"ın "Turan Tovuz"a məğlubiyyətindən yararlanaraq sona bir tur qalmış həm çempionluğunu elan edib, həm də Premyer Liqaya vəsiqəni təmin edib.
Komandanın baş məşqçisi Elşad Əhmədov matçdan sonra Fanat.Az-ın suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- Ağır oyun oldu. "Zaqatala" qış fasiləsində heyətini gücləndirib, baş məşqçisini dəyişib. Çox maraqlı oyun alındı. Azarkeşlər darıxmadı. Hesabda geri düşsək də, uşaqlar xarakter nümayiş etdirdi və meydanı qələbə ilə tərk etdik.
- Bu gün "Xəzər"in əvvəlki parlaq oyunu görünmürdü. Son günlər mətbuatda gedən yazıların futbolçularınıza təsir etdiyini demək olar?
- Təbii ki, mətbuatda yazılanlar futbolçularda psixoloji gərginlik yaradır. Bu da oyunda özünü göstərdi. Qələbə qazanacağımız halda "Qaradağ Lökbatan"ın oyunundakı nəticədən aslı olaraq çempionluğu elan edə biləcəyimizi əvvəlcədən bilirdik və bu da müəyyən qədər gərginlik yaradırdı.
- Çempionluqla bağlı nə deyə bilərsiniz? 19 xallıq fərqi aradan qaldıracağınıza inanırdınız?
- 19 xalı aradan qaldırıb çempion olacağımızı əvvəlcədən qətiyyən proqnozlaşdırmırdıq. Bu haqda fikirləşmirdik. Qismət olduq, çempionluq titulunu qazandıq. 19 xallıq fərqlə çempionluğu fikirləşməyin özü sadəlöhvlük olardı. Amma uşaqlar bunu bacardı. Sadəcə şans yarandı və bundan istifadə etdik.
Fanat.Az