"Hava şəraiti iki komandaya da mane oldu. Çox isti idi. Futbolçular birinci hissədə boğulmuş kimi görsənirdilər. Sevinirəm ki, bunun öhdəsindən gəldik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Mütxəssis 1:1 hesabı ilə başa çatan oyundan sonra jurnalistlətin suallarını cavablandırıb: "Buradan vacib xal ilə qayıdırıq. Qələbə qazanmaq istəyirdik. Bəzən nələrsə alınmır. Amma fikirləşirəm ki, istəyin və əməyin nəticəsində səfərdən bir xalla qayıda bilirik. Futbolçulara təşəkkür edirəm. Ötən tur "Səbail"ə uduzandan sonra oyunçularıma dedim ki, bu il bizim alnımıza yazılıb, axıra kimi mübarizə aparacağıq. İşimiz rahat olmayacaq. "Qəbələ" ilə matça hazırlaşacağıq. Son iki oyunumuz evdədi. Sözün düzü bu böyük üstünlük deyil. Doğma meydanda "Səbail"ə məğlub olduq. Amma ən azından sonra qədər çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq".
Son oyunlarda "Sumqayıt"ın xal və xallar itirməsi, ictimaiyyət arasında müxtəlif fikirlər formalaşdırır. Baş məşqçi bununla bağlı suala belə cavab verib: "Bu fikirlərlə razı deyiləm. Əksinə, bundan sonra klubun adı daha da yüksələcək. Çünki bizə bir komanda, bir idman şəhəri kimi baxmağa başlayıblar. Bu gün rəqib futbolçuları oyunun çoxunun yerdə uzanıb keçirirsə, bu, bizimlə matçda 1 xala görə sevindiklərini göstərir. Düzdür, avrokuboklara düşmək "Sumqayıt"a təkan ola bilər. İnanmıram ki, Allah eləməsin, düşməsək belə, nəsə pis dəyişiklik olsun. Hələ ki, "Sumqayıt"dayam. Bundan pis vəziyyətə düşəcəyimizə inanmıram. Çalışacağıq ki, gedən futbolçularımız olsa belə, növbəti mövsümə yaxşı komanda düzəldək".
Fanat.Az