İcraiyyə Komitəsi AFFA-nın ən ali orqanı olsa da, həmişə "əlqaldıranlar”dan ibarət qurum kimi tanınıb. Bu qurumun tədbirlərinin ssenarisi həmişə katiblik tərəfindən yazılıb, qərarları iclas başlamadan bəlli olub. İK sadəcə, yığışıb və baş katib Elxan Məmmədovun seçdiyi strategiyanı rəsmiləşdirib.
Beləliklə, İK formal quruma çevrilib, ölkənin ən nüfuzlu futbol adamlarından təşkil olunsa da, onların qəbul etdiyi qərarların icraçısı olmalı olan Məmmədovun əmrləri ilə oturub-durub. Bu səbəbdən qurumun toplantılarından sürpriz gözləməyin, elə Elxan bəyin həmin iclaslar ərəfəsində verdiyi müsahibələrə baxmaqla yekun qərarları proqnozlaşdırın.
Mayın 11-dəki iclas da fərqli olmayacaq. Çünki Məmmədov yaxınlarda, qondarma Klublar Komitəsinin iclasından sonra Premyer Liqada say artımının olmayacağını, "Kəpəz”in elitada saxlanılacağını və divizion klublarının yerində qalacağını dolayısı ilə bəyan etmişdi. Dünən isə o, növbəti dəfə açıqlama verib və fikirlərini daha aydın ifadə edib.
Məmmədov 11-də keçiriləcək tədbirdə İcraiyyə Komitəsinin üzvlərinə lisenziyalaşdırmanın nəticələri ilə bağlı məlumatların təqdim olunacağını deyib: "Lisenziyalaşdırma ilə bağlı məlumat verildikdən sonra toplantıda qərar qəbul ediləcək. Lisenziyaıaşdırma qrupuna öz məsləhətlərini verəcəklər və sonda yekun qərar veriləcək".
Elxan bəy "komandaların sayının artırılmasına ümid varmı" sualını belə cavablandırıb: "Bunun üçün möcüzə baş verməlidir. Sənədlərin təqdim olunması və yoxlanışı başa çatıb. İcraiyyə Komitəsinin nəyi isə dəyişməyə gücü və səlahiyyəti var. Ancaq bizə klublar lazımdır, komandalar yox. Topaz Premyer Liqasında peşəkar klublar olmalıdır" (azerisport.com).
Məmmədov bununla faktiki olaraq, bütün divizion klublarının ümidlərini qırıb. O, həm də mümkün sürprizlərə görə İK üzvlərinin məsuliyyət daşıyacağını bildirib. Katibin son 3 cümləsini komitə üzvlərinə təzyiq kimi də qiymətləndirmək olar: "İcraiyyə Komitəsinin nəyi isə dəyişməyə gücü və səlahiyyəti var. Ancaq bizə klublar lazımdır, komandalar yox. Topaz Premyer Liqasında peşəkar klublar olmalıdır".
Əslində, icraçı olan, amma daha üst qurumun üzvlərinə şərtlər diqtə edən Məmmədov əvvəlki illərin təcrübəsindən ilhamlanaraq eyni tonda danışır. Amma İK üzvləri özünə hörmət edirsə, ondan həm də hesabat tələb etməlidi. Ən azı AFFA-dan maliyyələşən klubların nəyə görə lisenziya tələblərini yerinə yetirə, çatışmazlıqları aradan qaldıra bilməmələrinin səbəbi izah edilməlidi.
İK yığışmadan, Lisenziyalaşdırma Qrupunun qərarı açıqlanmadan Məmmədovun say artımını möcüzəyə bağlaması futbol təsərrüfatının ağasının kim olduğunu göstərir. Monopoliyasına kimsənin əl uzatmasına imkan verməyən katibə futbolun inkişafı maraqlı deyil. O, öz "kruq”undan olmayan kimsəni futbola yaxın buraxmır, müstəqil sponsorları görən gözü yoxdu. SOCAR-ın pullarını cibdən cibə ötürmək üçün Elxan bəyə sözəbaxan klublar lazımdı.
Mənbə: futbolinfo.az