I Divizionun qalibi "Xəzər”in Premyer Liqaya buraxılmaması, Gəncə təmsilçisi "Kəpəz”in əvəzinə elitaya "Sabah”ın gətirilməsi AFFA-ya qarşı tənqidləri gücləndirib.
Azarkeşlər bütün bunlara qarşı etiraz səslərini ucaltmağa başlayıblar.
Futbolseverlər baş verən bu proseslərin bilavasitə AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən idarə olunduğunu, onun beyninin məhsulu olduğunu düşünürlər. Buna görə də fanatlar Məmmədovun AFFA-nın baş katibi postundan istefa verməsini, ümumiyyətlə, futboldan uzaqlaşdırılmasını tələb edirlər.
Artıq sosial şəbəkələrdə bu məqsədlə aksiya da başlayıb.
Bir qrup azarkeş tərəfindən "Feysbuk”da "Elxan Məmmədov İSTEFA” (https://web.facebook.com/events/233870570498353/) eventi yaradılıb.
Eventin yaradıcıları paylaşdıqları müraciətdə belə yazırlar: "Azərbaycan futbolunun günü-gündən uçuruma aparan adam - Elxan Məmmədovun, bu illər ərzində futbolumuzun başına açdığı oyunlardan dolayı, bölgələrdə futbolun uçuruma aparılması səbəbiylə, 1 sentyabr tarixinədək qrupu 10.000 nəfərə çatdırıb, ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməyi düşünürük”.
Qeyd edək ki, qısa müddət ərzində bu event azarkeşlər arasında böyük marağa səbəb olub. Artıq 300-ə yaxın iştirakçı qrup yaradıcıları ilə həmfikir olduqlarını açıqlayıb, eventi dəstəkləyiblər.
Mənbə: sport7.az