“Mən “Neftçi”dən getməmişəm, kənarlaşdırılmışam”. Apasport.az saytının xəbərinə görə, bunu milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.
Uzun müddətdir işsiz qalan Məhəmmədov vaxtilə “Neftçi” klubunun da formasını geyinib. “Sportinfo”ya açıqlama verən veteran futbolçu “ağ-qaralar”dan qovulmasında vitse-prezident Tahir Süleymanovu günahlandırıb: “Neftçi”də işlədiyim müddətdə gördüyüm işlər göz qabağında idi. Yığma komandalara neçə-neçə qapıçılar vermişdim. Sadəcə, Tahir mənim orda olmağımı istəmirdi... Deyir ki, “Neftçi” də mənim ürəyimdi, “Xəzər Lənkəran” da. Sən “Neftçi”də necə işləyirsən ki, “Xəzər Lənkəran” sənin ürəyindi?”
Məhəmmədovun sözlərinə görə, əvvəllər Süleymanovla hansısa problemi olmayıb: “Tahir Süleymanov futboldan uzaq, işsiz olanda mənə zəng edərdi. Amma bu gün Azərbaycan futboluna bu qədər xidmət etmiş Hüseyn “Neftçi”dən kənarda qalıb. Ölkə futbolunda izi olmayan adam orda necə işləyir? Çox maraqlıdı. Səbəbini mən də bilmirəm. Vəzifəyə keçəndən sonra Süleymanov mənim kimilərə dəstək olmalı idi. Ancaq belə olmadı. Mən başa düşə bilmədim. Yəqin ki, vaxt gələr, özü başa düşər”.
İdman24.az