Rüfət Dadaşov zədəsini tam sağaldıb.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, bunu "Dinamo”nun baş məşqçisi Rene Ridleviç deyib. IV Bundesliqa təmsilçisi bu gün Berlin kubokunun finalında "Berliner”lə qarşılaşacaq. Aprelin əvvəllərində zədələnən və həmin vaxtdan komandadankənarda qalan 27 yaşlı sabiq milli üzvü finalda meydana çıxa bilər.
Ridleviç gələn mövsümdən III Bundesliqa klubu "Proyssen”in formasını geyinəcək hücumçu haqda belə danışıb: "Bombardirimiz artıq sağalıb. Ancaq məşqlərə yeni başlayıb. Dizin gərginliyə necə reaksiya verməsindən çox şey asılıdı. O, ötən həftə ərzində məşqlərdə "partlayış” etdi. Yenidən zədələnməsindən ehtiyatlanırıq. Ancaq özü oynamaqda israrlıdı. "Dinamo”nu titulla və qolla tərk etmək istəyir. Rüfətlə və ya Rüfətsiz, bu kuboku qazanmalıyıq”.
Qeyd edək ki, "Proyssen”lə 2 illik müqavilə bağlayan Rüfət Dadaşov iyunun 13-də yeni komandasına qoşulacaq.
Fanat.Az