Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, "Hyatt Regency” otelində məskunlaşan yığmanın düşərgəsində 21 futbolçu var. Ölkə xaricində top qovanlar da Qurban Qurbanovun sərəncamındadı. Legionerlərdən yalnız Almaniyanın "Erzgebirge” klubunda top qovan Dmitri Nazarov sabah toplanışa qatılacaq.
"Keşlə”nin 2 (Kamran Ağayev, Slavik Alxasov), "Qəbələ”nin 3 futbolçusu (Cavid Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov) mayın 28-də keçiriləcək Azərbaycan Kubokunun finalından sonra milliyə qoşulacaq.
Komandamız bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqinə çıxıb. Bakıdakı hazırlıq çərçivəsində mərkəzi arenada 3 məşqdə tər tökəcək yığma üzvləri qalan çalışmalarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
Mayın 29-da Qırğızıstan yığmasıyla yoldaşlıq oyununda məhz BOS-da üz-üzə gələcək seçməmiz iyunun 3-də çarter reysilə paytaxtı tərk edəcək.
Qurban Qurbanovun yetirmələri iyunun 5-də Qazaxıstanla Astanada, 9-da Latviyayla Riqada yoldaşlıq görüşlərində gücünü sınayacaq.
Fanat.Az