"Rəqib sürətli futbol sərgilədiyi üçün müdafiəyə daha çox diqqət yetirirdik. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Makedoniyanın müvafiq yaş qrupu üzrə yığması ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra deyib.
Baş məşqçi görüşdən sonra fikirlərini bildirib: "Makedoniya yığması çox yaxşı komandadı. Bu kollektivi çox yaxşı tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridi. İsveçrə və Belçika, eləcə də Avropa çempionatının elit-raundunda İngiltərə üzərində qələbə qazanıblar. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq”.
Rəşad Sadıqov milliləşdirmənin əlyhinə olmadığını deyib: "Söhbət təkcə U-20-dən getmir. Ümumiyyətlə, yaxşı futbolçu olsa və Azərbaycan yığmasında oynamaq istəsə, milliləşmiş bir neçə oyunçudan yararlanmaqda problem görmürəm. Çünki bu gün buna ehtiyac var. 90 dəqiqə mübarizə aparırsan, bir səhv, bir boşluq hər şeyin üstündən xətt çəkir".
Fanat.Az