"Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım”.
Fanat.Az-ın məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.
36 yaşlı çalışdırıcı bu gün Makedoniyanın U-20 yığması ilə keçirilən yoxlama oyunundakı 0:1 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: "Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim. 12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidi. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları "silməliyik". Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm. Avtoqol məni çox məyus etmədi. Bu texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.