Azərbaycan yığmasına qarşı yoldaşlıq görüşünə hazırlaşan Latviya milli komandasının heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, rəqibin daha 2 futbolçusu millimizə qarşı oynamayacaq. Belə ki, Çexiyanın "Vısoçina" və Polşanın "Termalitsa" klublarının hücumçuları - Davis İkaunyeklə Vladislav Qutkovski zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onların əvəzində U-21 yığmasından hücumçu Robert Uldrikis (RFS) əsas komandaya qoşulub.
Bundan əvvəl isə RFS-in müdafiəçisi Vyaçeslav İsayev heyətdən çıxarılmış, Dmitri Xmız (Liepaya), Aleksey Vişnyakov (Spartak, Yurmala) və Vitali Reçitski (Ventspils) yığmaya cəlb olunmuşdu. Hazırda Latviya yığmasında 24 futbolçu yer alıb.
Qeyd edək ki, hazırda Baltika Kubokunda çıxış edən Latviya yığması ötən gün Estoniyaya qalib gəlib - 1:0. Yeganə qolu 70-ci dəqiqədə Yanis İkaunyek vurub. Turnirdə növbəti görüş iyunun 5-də Litvaya qarşı olacaq. İyunun 9-da isə Latviya Riqadakı "Dauqava" stadionunda Azərbaycanla qarşılaşacaq.
Fanat.Az